Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

MƏQSƏDİMİZ VƏ FƏALİYYƏTİMİZ

Səhmdar Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarətdir.

 Səhmdar Cəmiyyətin Nizamnaməsində göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

  • Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təşkil edilməsi;
  • Kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyətinin təmin edilməsi ilə bağlı müvafiq infrastrukturun yaradılması;
  • Kənd təsərrüfatı məhsullarının istehsalının və emalının stimullaşdırılması və genişləndirilməsi, həmçinin büdcə təşkilatlarının ərzaq məhsullarına ehtiyacının ödənilməsi məqsədi ilə zəruri hallarda idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi;
  • Yerli kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, yerli kənd təsərrüfatı məhsulları istehsalçılarının və ixracın təşviqi məqsədi ilə tələbatdan artıq tədarük edilmiş kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracının, habelə yerli bazarda bütün satış kanalları və zəncirləri vasitəsilə həmin məhsulların satışının təşkili və həyata keçirilməsi, o cümlədən bütün növ topdansatış və pərakəndə satış obyektlərinin təşkili və idarə olunması.

Ötən dövr ərzində Səhmdar Cəmiyyətinin regionlarda fəaliyyətinin səmərəli təşkil olunması məqsədi ilə 12 regional bölmə, regional bölmələrin yerləşdikləri rayon mərkəzlərində 12 regional anbar və 38 rayonda dayaq məntəqələri yaradılmış və regional bölmələr üçün inzibati bina və anbarlar icarəyə götürülmüş  lazımi avadanlıqlarla təchiz edilmişdir.

01 yanvar 2017-ci tarixindən etibarən satınalan təşkilatların təchizatının Cəmiyyət tərəfindən həyata keçirilməsi öhdəliyi və eyni zamanda hazırlıq üçün vaxtın məhdudluğu nəzərə alınaraq qısa müddət ərzində tədarük və təchizat işinin başlanması məqsədilə 01 dekabr 2016-cı il tarixində İdarə Heyətinin sədri tərəfindən idarə olunan Operativ Koordinasiya Mərkəzi yaradılmışdır. Mərkəzin bir aylıq intensiv fəaliyyəti nəticəsində satınalan təşkilatlarla qısa müddətdə əlaqələr qurulmuş onların tələbatı öyrənilmiş, yaranan problemlərə operativ müdaxilələr edilmişdir. Belə ki, illik tələbatlarını gec təqdim edən və ya ümumiyyətlə təqdim etmək niyyətində olmayan təşkilatlara, yeni yaradılan qurumun əsas vəzifəsi, ölkə rəhbərliyi qarşısında olan məsuliyyəti və öhdəliyi tam şəkildə izah olunmuş və Azərbaycan Respublikası Prezidentinin müfaviq fərmanından irəli gələn tələblərin yerinə yetirilməsi tələb olunmuşdur.

31 dekabr 2016-cı il tarixindən başlayaraq satınalan təşkilatların ərzaq mallarına olan təlabatları təmin edilməyə başlanmışdır. Hesabat dövrü ərzində dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla 863 sayda müqavilə bağlanılmış və 1925 sayda təchizat nöqtəsini özündə əks etdirmişdir.

Hal-hazırda logistika sisteminin təkmilləşdirilməsi üçün fəaliyyət aparılır, GPS izləmə sisteminin və eyni zamanda məhsul yükü üzrə marşurut bölgüsünün proqramlaşdırılması tədbirləri həyata keçirilir.