Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

BİZDƏN YAZIRLAR

  • 29.03.2018, 12:55

    MƏQSƏD PREZİDENTİN AZƏRBAYCANI AQRAR İXRACATÇI ÖLKƏYƏ ÇEVİRMƏK STRATEGİYASINA TÖHFƏ VERMƏKDİR

    Ətraflı
  • 29.03.2018, 12:30

    AZƏRBAYCAN RESPUBLİKASINDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI: AQRAR SEKTORDA TƏDARÜK-TƏCHİZAT SİSTEMİNİN ÜSTÜNLÜKLƏRİ

    Ətraflı

29.03.2018, 12:55

MƏQSƏD PREZİDENTİN AZƏRBAYCANI AQRAR İXRACATÇI ÖLKƏYƏ ÇEVİRMƏK STRATEGİYASINA TÖHFƏ VERMƏKDİR

(Yazı “Azərbaycan” qəzetinin 28.04.2017-ci il sayında çap edilmişdir)

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ötən ilin aprel ayında “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Yeni qurumun qarşısında kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək kimi mühüm vəzifələr qoyuldu. Əsas məqam isə regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək idi.

Formalaşma prosesini cari ilin əvvəlində yekunlaşdıran və artıq üç aydır real fəaliyyət göstərən struktur bu müddət ərzində 2 milyon 321 min tondan çox ərzaq məhsulunun 1865 təchizat nöqtəsinə çatdırılmasını təmin edib, 718 fermerlə tədarük müqaviləsi imzalayıb, onların bir hissəsinə artıq avanslar verib. İstehsalçı kəndlinin iqtisadi mənafelərini qorumağı özünə başlıca məqsəd seçən səhmdar cəmiyyət “Made in Azerbaijan” brendinin təşviqi və xarici investorların ölkənin aqrar sektoruna cəlb olunması prosesində də xüsusi fəallığı ilə seçilir.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əbülfət QOCAYEV müsahibəsində ilkin nəticələrdən və perspektiv vəzifələrdən bəhs edib.

Tədarük-təchizat sisteminin yaradılması aqrar islahatların vacib həlqəsidir

- “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti bir il əvvəl Prezident İlham Əliyev tərəfindən yaradılmışdı. Ötən müddət ərzində tədarük-təchizat sisteminin qurulması sahəsində hansı addımlar atıldı?

- Kənd təsərrüfatı istehsalında dəyər zəncirini özündə ehtiva edən tədarük-təchizat sisteminin yaradılması cənab Prezidentin aqrar-sənaye kompleksinin müasirləşdirilməsi istiqamətində həyata keçirdiyi islahatların ən vacib həlqəsidir. Dövlət başçısı tərəfindən uzaqgörənliklə imzalanmış sərəncamla açıq səhmdar cəmiyyətinin qarşısına vacib bir problemin həlli qoyuldu: məhsul istehsal edən kəndlinin iqtisadi mənafeləri qorunmalı, onun maddi-sosial inkişafı təmin edilməlidir.

Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatının inkişafı ilə bağlı həm orta, həm də uzunmüddətli dövrdə strateji inkişaf hədəfləri açıq göstərilib. Ölkənin ərzaq təhlükəsizliyinin təminatı, iqtisadiyyatın şaxələndirilməsi, ixracyönümlü məhsulların istehsalının artırılması, eyni zamanda kənd yerlərində sosial rifaha töhfə vermək baxımından bu sənəd mühüm əhəmiyyət kəsb edir. Cəmiyyətimiz həm ölkə Prezidentinin müvafiq sərəncamı ilə, həm də strateji yol xəritəsi sənədləri ilə qarşımıza qoyulmuş məsuliyyəti tam anlayır. Təmsil etdiyimiz qurum sabit istehsal dinamikasının yüksəlməsi nəticəsində əhalinin ərzaqla təminatında, xarici ölkələrdən ərzaq asılılığının mümkün qədər azaldılmasında, yerli istehsalçıların rəqabətqabiliyyətinin artırılmasında, eləcə də mədəni əkinçilik prinsiplərinin bərqərar olmasında region istehsalçılarına maddi-texniki dəstəyin göstərilməsi istiqamətində mühüm işlər həyata keçirməyi planlaşdırır.

Tam fəaliyyətə başladığımız üç ay müddətində əməkdaşlarımız tərəfindən bütün regionların istehsal potensialı konkret rəqəmlər əsasında müəyyənləşdirilmiş, 718 fermerlə məhsulların tədarük olunması haqda müqavilələr imzalanmış, 425 nəfər fermerin avans almaq üçün müraciəti qeydiyyata alınmış, onlardan bu günə qədər 40 nəfərə avans verilməsi qərarı qəbul edilmişdir. Avans alacaq fermerlərin sayı yaxın günlərdə daha da artacaq.

Eyni zamanda infrastrukturun yaradılması sahəsində ciddi işlər həyata keçirilmişdir. Belə ki, fəaliyyətin səmərəli təşkili məqsədilə Bakı şəhəri üzrə 2150 m2 quru və 530 m2 soyuducu olmaqla, 2680 m2 mərkəzi anbar funksiyasını daşıyan paylayıcı mərkəz yaradılmışdır. Cəmiyyətin fəaliyyətinin regionlarda səmərəli təşkil olunması üçün 12 regional bölmə, regional bölmələrin yerləşdikləri rayon mərkəzlərində 12 regional anbar və 46 rayonda dayaq məntəqələri yaradılmış, regional bölmələr üçün inzibati bina və anbarlar icarəyə götürülmüş, lazımi avadanlıqlarla təchiz edilmişdir.

Gündəlik tələb olunan ərzaq məhsullarının regional anbarlara və eyni zamanda oradan dayaq nöqtələrinə daşınıb çatdırılmasına imkan verən logistika infrastrukturu qurulmuş və bu məqsədlə 49 yük avtomobili icarəyə götürülmüşdür. Deyə bilərəm ki, bütün bunlar ilboyu fermerlərin istehsal etdiyi məhsulların tədarükü üçün böyük imkanlar yaradır.

Cəmiyyətdə idarəetmə sisteminin təkmilləşdirilməsi, məhsulların tədarük və təchizat planlaşdırmasının aparılması, lazımi resursların optimal bölüşdürülməsi, maliyyə və mühasibat qeydiyyatının operativ aparılaraq real vaxt rejimində nəzarətə imkan verən ERP sisteminin birinci mərhələsinin qurulması işinə başlanmışdır. Bununla yanaşı, cəmiyyətin müxtəlif regionlarda fəaliyyət göstərən struktur vahidləri arasındakı kommunikasiyanı təmin etmək məqsədilə onların yüksək sürətli internet şəbəkəsinə qoşulması təmin edilmişdir.

1440 yerli istehsalçı müraciət edib

- Büdcədən maliyyələşən və dövlət vəsaiti hesabına ərzaq alan təşkilatların təchizat sistemi necə təşkil edilib?

- Cənab Prezident cəmiyyəti yaradarkən onun qarşısına qoyduğu hədəflərdən biri də ərzaq məhsullarının satınalınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin təmin edilməsi olmuşdu. Bu məqsədlə ölkə Prezidentinin fərmanı ilə “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satınalınması Qaydası” təsdiqlənmişdir.

Vaxtın az olmasına baxmayaraq, bir neçə ay ərzində təşkilatlanmanı başa çatdıraraq 1 yanvar 2017-ci il tarixdən dövlət satınalan təşkilatlarının təchizat sisteminə start verdik. Bu məqsədlə ötən dövr ərzində dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla 863 sayda müqavilələr bağlandı, bunun əsasında onların bu il üzrə ərzaq məhsullarına olan tələbatlarının 22 məhsul növü üzrə 70 min tondan çox olduğu müəyyənləşdirildi. Hazırda 1865 sayda təchizat nöqtəsinə mütəmadi olaraq məhsulların çatdırılması işi davam etdirilir.

Üç ayın yekunlarına nəzər yetirsək, 2 milyon 321 min tondan çox ərzaq məhsulu tədarük olunaraq təchizata yönəldilmişdir. Bu, dolayısı ilə böyük miqdarda vəsaitin yerli istehsalçı və satıcıların hesabına daxil olması deməkdir. Çünki, bu məhsulların böyük hissəsi yerli istehsaldır.

- Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı portalının (tedaruk.az) iş prinsipi haqda nə demək olar? Portal virtual bazar rolunu oynayaraq tədarük-təchizat sahəsində şəffaflığı təmin edirmi?

- Dövlət başçısının 2016-cı il 11 aprel tarixli 859 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satınalınması Qaydası”na əsasən, ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satınalınması proseduru aşağıdakı qaydada həyata keçirilir: satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək Kənd Təsərrüfatı Nazirliyinə (KTN) təqdim edirlər. Satınalan təşkilatlar tərəfindən növbəti il üzrə ərzaq məhsullarına tələbatlar həmin satınalan təşkilatlara bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər nəzərə alınmaqla müəyyən edilir. KTN satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı Nazirlər Kabinetinin müəyyən etdiyi formada hər il avqustun 1-dək elektron portalda yerləşdirir. Satınalma qiymətləri elanın yerləşdirildiyi vaxt üçün ərzaq məhsullarının qiyməti topdansatış bazar qiymətlərindən aşağı olmamalıdır. Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla KTN müəyyən edir. Portalda bu günə qədər 1440 istehsalçı-satıcı qeydiyyatdan keçmişdir. Satınalan təşkilatların tələbatları ilə bağlı elanın yerləşdirilməsindən sonra 173 çeşiddə məhsul üzrə 3880 təklif qəbul edilmişdir. 2249 təklif yerli istehsalçılara aiddir ki, bu sevindiricidir.

Bunlardan 1040 nəfəri fiziki, 400 nəfəri isə hüquqi şəxsdir. Hər bir məhsul üzrə ixtisaslaşmış istehsalçılar və satıcılar müəyyənləşdirilərək onlarla görüşlər keçirilmiş və real təkliflər nəzərə alınaraq müqavilələr bağlanılmışdır. Digər təklif göndərən hüquqi və fiziki şəxslərlə isə hal-hazırda danışıqlar aparılır, onlarla əsasən mövsümi müqavilələrin bağlanılması nəzərdə tutulur.

 Xarici investorları aqrar sektora fəal cəlb edirik

- Yerli istehsalın dəstəklənməsindən söz düşmüşkən, ölkə başçısının məlum fərmanı ilə ASC ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd istehsalçılarının inkişafını təmin etmək məqsədi ilə yerli məhsulların ixracını təşviq etməlidir...

- Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirildi və ölkə başçısı proqram xarakterli çıxışı ilə bütün qurumlar kimi bizim cəmiyyətin də qarşısında ciddi hədəflər qoydu. İxrac sahəsində tərəfimizdən ciddi iş aparılır. Bu istiqamətdə fəaliyyətimizin iki istiqaməti var: birincisi, xarici investorların ölkəmizin aqrar sektoruna cəlb edilməsi, ikincisi, Azərbaycan məhsullarının xarici bazarlarda mövqeyinin gücləndirilməsi.

Birinci məqsədi həyata keçirmək üçün Bəhreyn Krallığının “BCGCM” holdinqinə daxil olan “Co Founder&Managing” şirkətinin prezidenti Xalid Salam əl-Haj və “Riyada Group” şirkətinin rəhbərliyi ilə görüş keçirərək Azərbaycanın aqrar sektoruna investisiya qoyuluşları və Azərbaycan məhsullarının 60 milyonluq istehlakçısı olan Şərq ölkələrinə ixracı barədə ilkin razılığa gəlmişik. Bundan başqa, Belarus Respublikasının “Belqospişeprom” Dövlət Konserninin və Belarus Kooperativlər İttifaqının (“Belkoopsoyuz”) nümayəndələri ilə Bakıda müzakirələr aparılaraq bu ölkəyə meyvə-tərəvəz, meyvə şirələri və digər məhsulların ixrac edilməsini qərara almışıq. Eyni zamanda, Azərbaycan məhsullarının MDB ölkələrinə ixrac edilməsi məqsədilə italiyalı investorlarla danışıqlar aparılmış, cari ilin fevral ayında əcnəbi qonaqlar ölkədə səfərdə olmuş, istixana qurulması üçün müvafiq yerlərə baxış keçirilmiş və İtaliya tərəfi ilə cəmiyyətin birgə müəssisəsini yaradaraq Azərbaycanda 20 hektar sahədə istixana qurulması ilə bağlı ilkin razılıq əldə olunmuşdur. Layihəyə italiyalı investorlar tərəfindən Azərbaycanda istixana qurulması üçün vəsaitin yatırılması, Azərbaycan tərəfindən isə torpaq sahəsinin ayrılması və zəruri infrastrukturun (su, elektrik, qaz və digər kommunikasiya xətlərinin) qurulması daxildir.

Bu il soğan istehsalı yüksək səviyyədə oldu, hətta ölkə tələbatını bir neçə dəfə üstələdi. Cəmiyyət ilk növbədə cəbhə bölgəsində yaşayan istehsalçılara kömək məqsədilə qonşu Rusiyanın bir sıra dairələri ilə danışıqlar apararaq ixrac haqqında razılıq əldə etdi. Ağdamın cəbhəyanı kəndlərindən tədarük olunan 1500 ton soğan Rusiyaya göndərildi və bu istiqamətdə işlər davam etdirilir.

Ümumiyyətlə, çalışacağıq ki, Prezident İlham Əliyevin “Bir qarış torpaq da boş qalmamalıdır!” çağırışına və aqrar sektorun konseptual inkişafını nəzərdə tutan strateji yol xəritəsinin hədəflərinə uyğun olaraq Azərbaycan kənd təsərrüfatı üzrə idxalçı ölkədən, böyük ölçüdə ixracatçı ölkəyə çevrilsin. Hesab edirəm ki, aqrar sahənin inkişafı Azərbaycanın iqtisadi sabitliyinin təmin olunmasında mühüm amildir.

Fəaliyyətimiz kəndlərdə iqtisadi aktivliyi daha da gücləndirəcək

- Rəhbərlik etdiyiniz cəmiyyət müasir aqrar sahənin inkişafında daha bir ilkə imza atdı. Fermerlərə avans verilməsinə başlandı...

- Bir müddət əvvəl kənd təsərrüfatı məhsullarının istehsalçılarına avans məbləğinin ödənilməsi üçün daxili qaydaları təsdiq edildi. Bu qaydalar Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş, “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın icrasını təmin etmək məqsədilə hazırlanmışdır və ərzaq istehsalçılarına avans ödənilməsi şərtlərini müəyyən edir.

Qaydalara əsasən, ərzaq istehsalçılarına növbəti ildə onlara “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-yə təqdim edəcəkləri ərzaq məhsulları üçün, müvafiq qaydada müəyyən edilmiş qiymətlərə uyğun olaraq həmin məhsulların (emal olunmuş ərzaq məhsulları istisna olmaqla) dəyərinin 25 faizi oktyabrın 30-dək avans qismində ödənilir. Avans istehsalçı və ya satıcı olan hüquqi şəxslərin hesablaşma hesablarına və fiziki şəxslərin cari (xüsusi kart) hesablarına köçürülməklə ödənilir. İstehsalçılara və ya satıcılara avansların verilməsi ilə bağlı işlərin təşkili cəmiyyətin nəzdində yaradılmış komissiya tərəfindən həyata keçirilir. Komissiya növbəti il üçün istehsal və ya tədarük sifarişi verilməsi nəzərdə tutulan məhsulların siyahısını, müraciətlərin qəbul edilməsi qaydalarını, şərtlərini və tələb olunan sənədlər barədə məlumatları kənd təsərrüfatı məhsullarının istehsalçılarına regional struktur vahidləri vasitəsi ilə və cəmiyyətin rəsmi veb səhifəsində elan edilməsi işini təşkil edir. İstehsalçılara və ya satıcılara avansların ödənilməsi bu qaydanın 4.3 bəndində nəzərdə tutulmuş bölgüyə əsasən 3 min manatdan 50 min manatadək avans komissiyanın qərarına, 50 min manatdan yuxarı avans məbləği isə idarə heyətinin qərarına əsasən verilir.

Onu da qeyd edim ki, bir istehsalçıya təyin edilmiş kateqoriyalar üçün ayrı-ayrılıqda olmaqla bir neçə məhsula avans ödənişi edilə bilər. Lakin ümumi avans məbləği böyük istehsalçılar üzrə nəzərdə tutulmuş maksimal həddən artıq ola bilməz. İstehsalçının cəmiyyətə təqdim etdiyi bütün məlumatlar həqiqətə uyğun olmalıdır. Qısa vaxt ötməsinə baxmayaraq, artıq 40 nəfər fermerlə avans verilməklə əkin işlərinin aparılması haqda müqavilələr imzalanmışdır. Fermerlərlə müqavilələrin imzalanması prosesi davam etdirilir. Hesab edirəm ki, bu addım kənd yerlərində iqtisadi aktivliyin yüksəlməsinə səbəb olacaq.

- “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətinin ikinci ilinə qədəm qoyur. Yeni dövrdə hansı prioritetləri müəyyən etmisiniz?

- Cəmiyyətin qarşısında ciddi hədəflər müəyyən olunmuşdur. Fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə tədarük-təchizat sisteminin çevik prinsiplər üzərində qurulması, regionlarda kəndli və fermerlərlə daimi görüşlərin təşkili, satış nöqtələrinin (yarmarka və fermer mağazaların) yaradılması, regionlarda ərzaq məhsullarının gündəlik tədarük olunması və satış nöqtələrinə çatdırılması, nəqliyyat və təchizat zəncirinin, logistika fəaliyyətinin tam avtomatlaşdırılması, çeviklik, minimum anbar qalığı ilə işləməyə imkan verən və nəzarət oluna bilən sistemin qurulması, məhsulların ixracı üçün seçiləcək məhsullar üzrə vahid çətir markaların yaradılması və inkişaf etdirilməsi, ərzaq məhsullarının ekoloji təmiz məhsul istiqamətində sertifikatlaşdırılması və ixrac bazarlarında tələb olunan standartlara uyğunlaşdırılması tədbirlərinin görülməsi əsas vəzifədir. Eyni zamanda, xarici bazarların araşdırılması və müvafiq marketinq tədbirlərinin yerinə yetirilməsi, “Made in Azerbaijan” brendinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin görülməsi, eləcə də ərzaq məhsullarının müvafiq qaydada çeşidlənməsi, qablaşdırılması və beynəlxalq standartlara uyğun satışa hazırlanması, əkinçilərin bilik və bacarıqlarının artırılması üçün müvafiq tədbirlərin görülməsi, əkinlərin aparılması üçün istehsalçılara avansların verilməsi prosesində təbii fəlakətlərə qarşı sığortalanma və digər risklərin təsirinin azaldılması ilə bağlı işlərin həyata keçirilməsi və sairə başlıca işimizdir. Bunlar növbəti ildə həyata keçirəcəyimiz tədbirlərin yalnız bir hissəsidir. Hesab edirəm ki, növbəti ildə cəmiyyətimiz cənab Prezidentin qarşımıza qoyduğu hədəfləri həyata keçirməklə ölkəmizin inkişafına öz töhfəsini verəcəkdir.

Rəşad BAXŞƏLİYEV